Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Bizim üçün oyun ağır keçdi. İlk görüşdə qələbə qazansaq da, cavab oyununun daha çətin keçəcəyini bilirdik. Birinci hissədə komanda şəklində oyunumuz alınsa da, ikinci hissədə oyun ritmini itirdik və "Qarabağ" üstünlüyü ələ aldı. Artıq çempionat oyunlarına köklənəcəyik.

Rəqibimizin "Qarabağ" olduğunu da unutmayaq. Oturuşmuş və sabit heyətə malikdirlər. Bu cür görüşlərin taleyini xırda nüanslar həll edir. Məsələn, 25-ci dəqiqədə baş verən epizod düzgün dəyərləndirilsəydi - penalti təyin olunsaydı, oyunun dönüş anı ola bilərdi.

Digər epizodda hücuma keçirik, oyunu saxlayıb bizim qapı istiqamətində cərimə təyin edir, sonra deyir səhv etdim. Ümid edirəm ki, bu cür davamlı səhvlər, ikili standartlar təkcə "Araz-Naxçıvan"a qarşı olmayacaq".